Çağrı Mərkəzi: 960
Tez-tez soruşulan suallar

Müəlliflik hüququ və əlaqəli hüquqlar


Müəlliflik hüququ nədir?

Müəlliflik hüququ – elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır.


Müəlliflik hüququnun əqli mülkiyyət sistemində rolu

Əqli mülkiyyət hüquqları əqli fəaliyyət nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. Əqli mülkiyyət professional təcrübədə müəlliflik hüququ, əlaqəli hüquqlara, ənənəvi mədəniyyət nümunələri – folklor, inteqral sxem topologiyaları, məlumat toplularına olan hüquqlara, həmçinin özündə ilk növbədə patentləri, əmtəə nişanları və coğrafi göstəriciləri birləşdirən sənaye mülkiyyətinə olan hüquqlara bölünür. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”.

Müəlliflik hüququ əqli mülkiyyət sisteminin ən zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır.


Müəlliflik hüququ ilə qorunan obyektlər hansılardır?

Müəlliflik hüququ ilə qorunan obyektlər - ədəbi əsərlər, məsələn, elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter proqramları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər, musiqi və xoreoqrafiya əsərləri, təsviri sənət əsərləri, məsələn, rəsmlər, cizgilər, fotoşəkillər və heykəllər, memarlıq əsərləri, həmçinin reklam rəsmləri, coğrafi xəritələr və çertyojlar və s. ola bilər.


Müəlliflik hüququnun əhəmiyyəti nədən ibarətdir?

Müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti mövcuddur, çünki cəmiyyətin aldığı xeyir və fayda bu hüquqların tanınmasının başlıca səbəbidir. Müəllif hüquqlarının qorunması – mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı vardır. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqlari ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatin” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı dünya iqtisadiyyatında 7,3 % (5 faiz illik artımla) təşkil edir.


Müəlliflərin hansı əmlak hüquqları vardır?

Müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarla yanaşı, müstəsna əmlak hüquqları vardır. Onların əsərdən istifadə etməyə, yaxud razılaşdırılmış şərtlərlə əsərdən istifadə hüququnu digər şəxslərə verməyə müstəsna müəllif hüququ vardır. Əsərin müəllifi aşağıdakılara icazə verə və ya qadağa qoya bilər:

əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);

əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);

əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);

əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);

əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);

əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);

kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla (kütləvi bildiriş hüququ);

əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ);

kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildirişi hüququ);

əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ);

əsəri tərcümə etmək (tərcümə hüququ);

dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ) və s.

Əmlak hüquqları müəllifin istəyi ilə digər fiziki və ya hüquqi şəxsə keçə bilər. Müəlliflik hüququ ilə qorunan bir çox elm, ədəbiyyat və incəsənət əsərlərini (məsələn, çap nəşrlərini, səsyazmalarını, filmləri) kütləyə, o cümlədən, rabitə vasitələri ilə çatdırmaq lazım gəlir. Bunun üçün isə maliyyə vəsaitləri tələb olunur. Buna görə də müəlliflər çox vaxt öz əsərlərinə olan istifadə hüquqlarını, müəyyən mükafat müqabilində ayrı-ayrı şəxslərə və ya şirkətlərə satırlar. Belə mükafatın miqdarı çox vaxt əsərdən faktiki istifadənin həcmindən asılı olur, mükafatın özü isə bu halda royalti adlanır.


Müəlliflik hüququ insan hüquqları ilə nə cür təmasdadır?

“İnsan hüquqları haqqında Büynəlxalq Bill”in tərkib hissəsi olan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”da (1966) qeyd olunur ki, hər bir şəxsin “müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək” hüququ tanınır. Yaradıcılıq hüququ insanların bənzərsizliyini təsdiqləyən ayrılmaz azadlıq hüququdur. Müəlliflik hüququ insanın vacib mədəni hüquqlarından biri kimi yaradıcılıq prosesinə müdaxilə etmədən onun nəticələrini qorumaqla şəxslərin azad yaradıcılıq nəticələrini qoruyur.


Müəlliflik hüququnun qorunma müddəti nə qədərdir?

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququnun tərkib hissəsi olan əmlak hüquqlarının qorunmasının müddətli olması müəllif və cəmiyyətin maraqları arasında balans axtarışının, yaradıcılığın stimullaşdırılması və cəmiyyətin biliklərə və mədəniyyətə sərbəst qovuşması tarazlığının nəticəsidir.

Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması, məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliklərin aparılmasına qarşı çıxmaq hüququ və s. nəzərdə tutulur. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur.



Əlaqəli hüquqlar nədir?

Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılması adətən xüsusi vasitəçilərlə - ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olur. Bu vasitəçilərin hüquqlarına əlaqəli hüquqlar, yəni müəlliflik hüququ ilə təmasda olan hüquqlar deyirlər. Son illər ərzində əlaqəli hüquqlar sahəsi sürətlə təşəkkül tapmağa başlamışdır. Əlaqəli hüquqlar müəllif hüququ ilə qorunan əsərlərin ətrafında formalaşmışdır və analoji, lakin çox vaxt həcm və müddətlərə görə daha məhdud qorunma verir. Əlaqəli hüquqlar aşağıdakılara şamil olunur:

ifaçılara (artistlərə və musiqiçilərə) onların ifalarına münasibətdə);

fonoqram istehsalçılarına (onların səsyazmalarına (məsələn, kasetlərdə və kompakt disklərdə yazılanlar) münasibətdə);

efir yayımı təşkilatlarına (onların radio və televiziya verilişlərinə münasibətdə).

Əlaqəli hüquqların əsas xüsusiyyəti müəlliflik hüququndan törəməsi və ondan asılı olmasıdır, bu səbəbdən əlaqəli hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır.


Müəlliflik hüququnun qorunması və təminatı nə üçün vacibdir?

Kiminsə hüququ – digərinin vəzifəsi deməkdir və müəlliflik hüququ ilə verilən qorunma imkanları, o cümlədən, müəllif tərəfindən hüquqlarının həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi və istifadəyə qadağa qoyulması müəlliflik hüququ institutunun üç budağını yaradır:

hüquqların qorunması;

hüquqların həyata keçirilməsi;

hüquqların təminatı (pozulmuş hüquqların müdafiəsi və bərpası).

Müəlliflik hüququ və əlaqəli hüquqlar müəllifləri və hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Bunlar qanunvericilik, normativ hüquqi baza və müvafiq prosedurlarda öz əksini tapır və hüquqların qorunması aləti kimi çıxış edir. Hüquqların həyata keçirilməsi üçün dövlət müəlliflərə yardım göstərir və şərait yaradır, hətta zəruri hallarda bu iş dövlət orqanları tərəfindən həyata keçirilir.

Bəzi hallarda yaradıcılıq məhsulunun sahiblərinin çoxu tərəfindən öz əmlak hüquqlarının idarə edilməsi, xüsusən ədəbi və musiqili əsərlərə, həmçinin ifalara istifadə hüquqlarının qloballaşdırılması nəzərə alınmaqla, qeyri-mümkündür və kifayət qədər vəsait tələb edir. Nəticədə bir çox ölkələrdə hüquqların kollektiv əsasda idarə edilməsi üzrə təşkilatlar və ya cəmiyyətlər meydana gəlir və onların yaranması getdikcə daha da genişlənir. Bu cəmiyyətlər öz üzvləri olan müəlliflər üçün onların əsərlərindən istifadəyə görə royaltilərin yığılması və bölüşdürülməsi üzrə xidmətlər göstərirlər.
Müəllif hüquqlarının təminatı xüsusi hüquq sistemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir.
Bununla yanaşı müvafiq hallarda hüquqların pozulmasına qarşı dövlətin kütləvi-hüquqi üsullardan istifadə etməsi mümkündür.

Bütövlükdə müəlliflik hüququ sistemi əqli mülkiyyət hüququ sisteminin ən geniş qoludur, sonuncu isə milli hüquqi doktrinaya əsaslanan mülkiyyət anlayışını tamamlayır və beləliklə “maddi” mülkiyyət hüququnu tamamlayan mülkiyyət hüququdur.
Müəlliflik hüququ sahəsində dövlətin rolu getdikcə artır və ənənəvi qanunverici və tənzimləyici ölkədaxili və beynəlxalq funksiyaları ilə yanaşı, yeni koordinasiya və nəzarət funksiyasına xüsusi diqqət yetirilməsinə səbəb olur.

Hüquqların təminatı sistemi qeyri-qanuni surətçıxarmadan və ya piratçılıqdan ehtiyat etmədən müəllif əsərlərinin yayılmasına təminat verir. Bu isə, öz növbəsində, dünya ictimaiyyətinə mədəni dəyərlərdən, biliklərdən daha sərbəst istifadə etməyə imkan yaradır, həmçinin onların daha yüksək keyfiyyətini təmin edir.


Müəlliflik hüququ son texniki nailiyyətlərdən necə istifadə edir?

Son on illikdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsi elmi və texniki nailiyyətlərin tətbiqi nəticəsində sürətlə inkişaf edir ki, bu da peyk rabitəsi və s. yeni informasiya texnologiyaları kimi qlobal rabitə vasitələrinin köməyi ilə əsərlərin yaranmasının yeni üsullarını işləyib hazırlamağa imkan vermişdir. Son vaxtlar əsərlərin internet vasitəsi ilə yayılması imkanı yaranmışdır ki, bu da müəlliflik hüququ qarşısında yeni problemlər qoymuşdur. İnformasiya texnologiyaları obyektlərinin əksəriyyəti müəlliflik hüququ ilə qorunur və digər tərəfdən istifadə nəticəsində müəlliflik hüququnun təkmilləşdirilməsini zəruri edir. Kiberməkanda müəllif hüququnun qorunmasının yeni normalarının işlənib hazırlanması məqsədilə ÜƏMT “Müəlliflik hüququ haqqında” və “İfalar və fonoqramlar haqqında” Müqavilələr (“ÜƏMT-nin İnternet Müqavilələri”) qəbul etmişdir. Göstərilən müqavilələrdə İnternet və digər rəqəmli şəbəkələrdə yaradıcılıq məhsuluna icazəsiz daxil olmanın və onlardan qeyri-qanuni istifadənin qarşısını alan beynəlxalq normalar vardır.
Azərbaycanın milli müəllif-hüquq qanunvericiliyi və normativ hüquqi baza, “İnformasiya texnologiyaları – əqli mülkiyyət” (İT-İP) əlaqəsi şəraitində hüquqların qorunması və həyata keçirilməsinə şərait yaradır.


Müəlliflik hüququ necə tənzimlənir?

Müəlliflik hüququnun qorunması hər hansı bir rəsmiyyətçilikdən asılı deyildir. Yaradıcılıq məhsulunun qorunması əsərin yaranması anından başlanır. Azərbaycanın milli qanunvericiliyi müəyyən ölkələrdə olduğu kimi, əsərlərin rəsmi qeydiyyatının mümkünlüyünü nəzərdə tutur. Bu imkan müəlliflərin və hüquq sahiblərinin maraqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən təşkil olunur və əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyat mexanizminin mahiyyəti və onların inkişafına tələbat ilk növbədə onunla diqtə olunur ki, qeydiyyat icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən həyata keçirilən hüquqların qorunması və hüquqların müdafiəsi arasında çox vacib körpü yaradır.


Audiovizual əsərlərə müəlliflik hüququ necə qorunur?

Audiovizual əsərlərin tam tirajlı filmlərdən başlayaraq videoklip və reklam videorolikinə qədər qorunmasının xüsusiyyətləri vardır. İlk növbədə bunlar belə əsərlərin çoxşaxəliliyindən, mürəkkəbliyindən və tərkibli hissələrdən ibarət olması ilə əlaqədardır. Çünki audiovizual əsər bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müxtəlif texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulub, təsvirlər silsiləsindən ibarət olan əsərdir. Bu əsərlərə ilk növbədə kinomatoqrafiya əsərləri və onlara bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər aiddir. Audiovizual əsərlərin müəlliflərinin (şərikli müəlliflərinin) hüquqları qanunla qorunur.

Quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator və xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar) audiovizual əsərin müəllifləri hesab olunur.

Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır.
Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur.

Audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri arasında) bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizal əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır.

Audiovizal əsər istehsalçısının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır.
Xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi audiovizual əsərin kütləvi ifası zamanı öz musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı almaq hüququnu saxlayır.

Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq odənilir.


Sənaye mülkiyyəti


Sənaye mülkiyyəti obyektləri hansılardır?

Sənaye mülkiyyəti obyektlərinə intellektual yaradıcılıq nəticələri olan ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəricilər aiddir. Sənaye mülkiyyəti obyektlərininə hüquqları dövlət tərəfindən qorunur və patent və ya şəhadətnamə ilə təsdiq edilir.

İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər;

Faydalı model - qurğuya aid olan texniki həllər;

Sənaye nümunəsi - məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həll;

Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır;

Coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.


Patent nədir?

Patent - ixtira, faydalı model və sənaye nümunəsinə dair müəllifliyi və ilkinliyi təsdiq edən və onlardan istifadə etmək üçün müstəsna hüququ təsdiqləyən mühafizə sənədidir.


Patentə dair müstəsna hüquq kimə məxsus olur?

Patentə dair müstəsna hüquq patent sahibinə mənsubdur. Patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən sənaye mülkiyyəti obyektlərindən istifadə edilə bilməz.Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa şəkildə daxil edilməsi və ya bu məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun pozulması sayılır. Patent sahibi patentlə verilən hüquqlardan dövlətin və cəmiyyətin mənafelərinə xələl gətirmədən istifadə etməlidir.


İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi

Dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqda ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərti ilə, müvafiq Dövlət reyestrində ixtira, faydalı model və sənaye nümunəsini qeydə alınir və iddiaçı olan şəxsə patent verilir.

Patent sahibi patentin qüvvədə saxlanması üçün illik haqqı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin verildiyi tarixdən etibarən onun qüvvədə olmasının 3-cü ilindən başlayaraq ödəyir.


Patentlə verilən hüquqi mühafizənin həcmi və onun qüvvədə olma müddəti

İxtira, faydalı model və sənaye nümunəsinə patentlə verilən hüquqi mühafizənin həcmi aşağıdakı kimi müəyyən edilir:ixtira və faydalı model üçün – onların düsturu ilə;sənaye nümunəsi üçün – mühüm əlamətlərinin məcmusu ilə.

Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir:

ixtira üçün –– 20 il;

faydalı model üçün –– 10 il;

sənaye nümunəsi üçün –– 10 il.


İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması şərtləri

İxtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və aqrokimya sahələrinə aiddir. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilər. İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.

Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.


İxtira, faydalı model və sənaye nümunələri ilə bağlı hüquqların verilməsi

İstənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin və ya patentlə bağlı hüquqların başqasına verilməsi müvafiq dövlət rüsumu ödəmək şərti ilə qeydiyyata alınır.


İxtira, faydalı model və sənaye nümunəsindən patent sahibinin razılığı olmadan istifadə

Milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının patent sahibinin razılığı olmadan ixtira, faydalı model və sənaye nümunəsindən istifadəyə razılıq vermək hüququ vardır. Bu hallarda patent sahibinə uyğun kompensasiya ödənilir. Patent sahibi kompensasiyanın məbləğindən razı olmadığı halda inzibati qaydada məhkəməyə müraciət edə bilər.


İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun verilməsinə dair lisenziya müqavilələrinin qeydiyyatı

Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.

Lisenziya müqaviləsinə görə patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir. Lisenziya müqavilə müvafiq haqq ödəmək şərti ilə qeydiyyata alınır. Lisenziya müstəsna və qeyri-müstəsna ola bilər. Qeydiyyata alınmış lisenziya müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edildikdə bu cür dəyişikliklər haqq ödəmək şərti ilə qeydiyyata alınmalıdır.


Məcburi lisenziya və patent sahibinin razılığı olmadan digər istifadə halları

Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən 3 il müddətində ixtira, faydalı model və sənaye nümunəsindən üzürsüz səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi hazırlıq görmədikdə, yaxud istifadəni 3 ildən artıq dayandırdıqda və bu müddət qurtardıqdan sonra lisenziya verməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilər. Məcburi lisenziya qeyri-müstəsna xarakter daşıyır.

Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən 2 il ərzində istifadə etmədikdə patent sahibi müəyyən etdiyi qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.


Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi

Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:

  • patent sahibinin verdiyi ərizə əsasında;
  • patentin qüvvədə saxlanmasına görə haqqın ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;
  • patent qabiliyyəti şərtlərinə uyğun olmadığı təsdiq edildikdə;
  • patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;
  • patentlə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;
  • patent onu almaq hüququna malik olmayan şəxsə verildikdə.


Əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində hansı müddət ərzində qeydə alınması mümkündür?

Əmtəə nişanına və ya coğrafi göstəriciyə dair qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı 4 ay ərzində dövlət rüsumunu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər Dövlət reyestrində qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.


Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının qüvvədə olma müddəti

Əmtəə nişanının qeydiyyatı iddia sənədinin verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməsi şərti ilə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə və coğrafi göstərici barədə şəhadətnamənin sahibinə əlavə haqq ödəmək şərti ilə 6 ay möhlət verilir.

Coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamə, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən 10 il qüvvədə olur. Şəhadətnamənin qüvvədə olma müddəti, onun qüvvədə olma müddətinin axırıncı ilində sahibinin ərizəsi əsasında haqq ödənilməklə daha 10 il müddətinə uzadıla bilər. Şəhadətnamənin qüvvədə olma müddətinin uzadılmasına məhdudiyyət qoyulmur.


Reyestrdə və şəhadətnamədə dəyişikliklər edilməsi

Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına dair şəhadətnamənin sahibi qeydiyyatla bağlı məlumatlardakı dəyişikliklər barədə Agentliyə məlumat verməlidir və bununla bağlı təsdiqedici sənədləri təqdim etməlidir. Dəyişikliklər reyestrə və şəhadətnaməyə dövlət rüsumu ödənilməklə daxil edilir.


Əmtəə nişanı üzərində müstəsna hüquq kimə məxsus olur?

Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibinin razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.

Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir.


Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə edilməsi nə sayılır?

Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbuat nəşrlərində, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.

Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.

Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.

Əmtəə nişanından istifadə onun sahibi və ya lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır.

Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.

Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır.

Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır.


Xəbərdarlıq işarəsi

Əmtəə nişanına və ya coğrafi göstəriciyə dair şəhadətnamənin sahibi əmtəə nişanının və ya coğrafi göstəricinin yanında onların Azərbaycan Respublikasında qeydiyyatda olmasını bildirən ® işarəsini qoya bilər.

Hüququn tanınması ilə bağlı əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatı üçün əmtəədə hər hansı işarənin və ya göstəricinin yerləşdirilməsi tələb olunmur.


Əmtəə nişanına dair hüquqların verilməsi

Əmtəə nişanına dair hüququ müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə dövlət rüsumu ödənilmək şərti ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”na uyğun qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur.

Əmtəə nişanına dair hüququn verilməsi əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə də aid edilə bilər. Bu halda əmtəə nişanının yeni sahibinin hüququ iddia sənədinin verildiyi gündən qüvvədə olur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə, xidmət və istehsalçı barədə istehlakçıda yanlış təsəvvür yaratmamalıdır.


Əmtəə nişanına dair lisenziya müqaviləsinin qeydiyyatı

Lisenziya müqaviləsi əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına aiddir və qeydiyyatda göstərilən əmtəələr və xidmətlər barəsində qüvvədə olur.

Lisenziya müqaviləsinin qeydiyyatı barədə ərizə və sənədlər Agentliyə təqdim edilir. Lisenziyanın qeydiyyatı üçün verilən sənədlərə baxılarkən, ərizədə və ya hər hansı materialda göstərilənlərin təsdiqi üçün əlavə sənəd tələb oluna bilər. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: lisenziyanın növü (müstəsna, qeyri-müstəsna və ya yeganə); lisenziyanın qüvvədə olma müddəti; lisenziyanın istifadə olunduğu ərazi. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq ödəmək şərti ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"na uyğun həyata keçirilir.

Qeydə alınmış lisenziya müqaviləsində tərəflərin razılığı ilə dəyişikliklər edilməsi və ləğv olunması mümkündür.

Əmtəə nişanına dair lisenziya müqaviləsinin məcburi bağlanmasına yol verilmir.


Coğrafi göstəricidən istifadə hüququ digər şəxsə verilə bilərmi?

Coğrafi göstəricidən istifadə hüququ olan şəxs bu hüququn verilməsinə və ondan istifadəyə dair lisenziya müqaviləsi bağlaya bilməz.


Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqlar girov kimi verilə bilərmi?

Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqlar müqavilə əsasında başqa şəxsə girov kimi verilə bilər. Girov müqaviləsi haqq ödəmək şərti ilə "Girov müqaviləsinin qeydiyyatı Qaydaları"na uyğun olaraq qeydiyyata alınır.


Qeydə alınmış əmtəə nişanından istifadə edilməməsi

Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələblərinəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür.


Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatına hansı hallarda xitam verilə bilər?

Aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verilir:

  • nəzərdə tutulmuş qüvvədə olma müddətinin qurtarması ilə əlaqədar;
  • şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə;
  • qeydiyyat etibarsız sayıldıqda;
  • xitam verilməsi barədə qəbul olunmuş Apellyasiya Şurasının qərarına əsasən;
  • coğrafi göstərici qüvvədən düşdükdə;
  • hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda;
  • coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə.

Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrə dair coğrafi göstəricidən istifadə edilməsi istehlakçıları həqiqi mənşə yeri barəsində yanılda bilərsə, onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.

Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×