Çağrı Mərkəzi: 960
ABŞ-nın əqli mülkiyyət hüquqlarını pozan olkələrə dair 2021-ci il üçün “Xüsusi 301 Siyahısı” dərc olunub

ABŞ-nın əqli mülkiyyət hüquqlarını pozan olkələrə dair  2021-ci il üçün “Xüsusi 301 Siyahısı” dərc olunub

Hər il ABŞ Ticarət Nümayəndəliyinin Ofisi (Prezidentin İcraçı Ofisi) ABŞ-nın ticarət tərəfdaş dövlətlərində əqli mülkiyyət hüquqlarının riayət olunmasına və qorunmasına dair Xüsusi 301 Hesabatını ("Siyahı 301") dərc edir. Bu hesabatın məqsədlərindən biri siyahıda göstərilən dövlətlərin hökumətlərini piratçılığa qarşı fəal mübarizə aparmaq və əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qanunvericiliyi təkmilləşdirmək üçün həvəsləndirməkdir. Bu hesabat ABŞ-nın dövlət qurumlarının və xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar əsasında hazırlanır.

Qeyd etməliyik ki, son illər ərzində Azərbaycan bu “qara siyahı” ya daxil olunmur. Məlum olduğu kimi, Azərbaycan Respublikası hələ 2006-cı ildə əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlərə görə, o cümlədən o zamanki Müəllif Hüquqları Agentliyi (hazırki Əqli Mülkiyyət Agentliyi) tərəfindən həyata keçirilən xüsusi proqrama əsasən piratçılığa qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı bu siyahıdan çıxarılmışdır.

Bu, ölkədə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində aparılan sistemli və məqsədyönlü dövlət siyasətinin, saxtamalçılığa və piratçılığa qarşı mübarizənin qanunvericilik, iqtisadi tənzimləmə, sərhəd-gömrük, beynəlxalq əlaqələr, maarifçilik səviyyəsində təmin olunması, yaradıcılığı və ixtiraçılığı təşviq edən, bu cür fəaliyyətləri stimullaşdıran ardıcıl tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Bu sırada Azərbaycanda əqli mülkiyyət sahəsi üzrə aparılan siyasətin mahiyyəti, görülən işlər nəticəsində əldə olunan müsbət dəyişikliklər barədə məlumatların Əqli Mülkiyyət Agentliyində ABŞ Səfirliyinin, onun iqtisadi blokunun nümayəndələri ilə dəfələrlə keçirilən görüşlərdə vurğulanması qeyd edilməlidir.

Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə 2012-ci ildə qəbul edilən “Əqli mülkiyyət hüquqların təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun sahənin tənzimlənməsi baxımından xüsusi dəyəri olmuşdur. Bu Qanun piratçılığa qarşı mübarizənin yeni mərhələyə qalxmasına imkan vermiş, nəzarət mexanizmini praktiki hüquqi alətlərin tətbiqi səviyyəsində aktivləşdirmiş, tənzimləyici aparatın effektivliyini artırmışdır.

Qeyd etmək yerinə düşər ki,2005-ci il ilə müqayisədə 2020-ci ildə ölkəmizdə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 22%-ə, audio-video məhsul bazarında 90%-dən 57%-ə, proqram təminatında 96%-dən 71%-ə düşmüşdür.

Hal-hazırda Agentlik piratçılığa qarşı mübarizə və əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsi çərçivəsində qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə tədbirlərini davam etdirir, Cinayət-Prosessual və Mülki Məcəllələrə, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr hazırlanır, bazara çıxarılan bütün əqli mülkiyyət məhsullarının xüsusi hologramlarla markalanması aparılır. Bu tədbirlərin məqsədi ölkədəki piratçılığın səviyyəsini azaltmaq, əqli mülkiyyət hüquqlarının pozulmasına görə cəzanı qaçılmaz etməkdir.

Hazırki “Siyahı 301” “problemli” ölkələri iki kateqoriyaya ayırır: "Prioritet İzləmə Siyahısı" (Priority Watch List) və "İzləmə Siyahısı" (Watch List). "Prioritet İzləmə Siyahısı"na əqli mülkiyyət hüquqlarının qorunması sahəsində ciddi problemləri olan ölkələr daxil edilib. Cari ildə bu siyahıya 9 ölkə daxil olub: Argentina, Çili, Çin, Hindistan, Rusiya, Səudiyyə Ərabistanı, Ukrayna və Venesuela.

Hesabatda geyd edilir ki, Rusiyanın "Prioritet İzləmə Siyahısı"nda olması əqli mülkiyyət hüquqlarının, xüsusilə müəllif hüquqları və əmtəə nişanlarına hüquqların qorunması və mühafizəsi sahəsində ciddi problemlərlə bağlıdır. ABŞ Ticarət Nümayəndəliyi müəllif hüquqları pozuntularının, xüsusən də İnternet piratçılığının Rusiyada problem olaraq qaldığını və baxmayaraq ki, bu sahədəki qanunvericiliyin inkişafı davam edir, bu cür dəyişikliklərin praktiki təsiri, həmçinin gələcəkdə də zəruri düzəlişlərin qəbul ediləcəyi aydın olmayaraq qalır. Rusiyada, eləcə də onun hüdudlarından kənarda İnternet piratçılığına dəstək verən və leqal kontent bazarına zərər vuran bir çox saytlar Rusiya internet məkanında yerləşir. Bundan əlavə, hüquq-mühafizə orqanları offlayn rejimdə müəlliflik hüququnun pozulması ilə mübarizəyə, xüsusilə böyük şəhərlərdə, az diqqət ayırırlar.

Ukrayna, hüquq sahiblərinə müəllif qonorarlarının toplanması və ödənilməsi üzrə cəmiyyətlərin qeyri-effektiv işi, dövlət qurumlarının lisenziyasız proqram təminatının istifadəsi, müəlliflik hüququ və əlaqəli hüquqların İnternet şəbəkəsində pozulmasına qarşı təsirli mübarizə üsulların olmaması səbəbindən "Prioritet İzləmə Siyahısı"nda yer alır. Qeyd edilir ki, Ukrayna bu cür problemlərə qarşı mübarizəyə yönlənən bəzi tədbirlər görmüş, digər iqtisadi islahatları həyata keçirmiş, lakin yuxarıdakı məsələlər tam həll edilməmişdir.

"İzləmə Siyahısı"na piratçılığın və kontrafakt məhsulların yayılma dərəcəsi yüksək,hüququn tətbiqi işi isə zəif olan 23 ölkə daxil edilmişdir. Onların arasında Braziliya, Kanada, Hindistan, Meksika, Pakistan, Türkiyə, postsovet ölkələrdən Türkmənistan və Özbəkistan vardır.

Qeyd etmək lazımdır ki, “Xüsusi 301 Hesabatı” ABŞ-ın ticarət siyasətinin formalaşması və digər ölkələrlə müvafiq qarşılıqlı əlaqələr mexanizmlərinin seçilməsində mühüm rol oynayır. Ölkənin "301 Siyahısı"ndakı mövqeyinin yaxşılaşması ABŞ ilə ticarət dövriyyəsinin artırılmasına, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ya ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kimi beynəlxalq təşkilatlardan maliyyə yardımının alınmasını sadələşdirməyə, ticarət sanksiyaları və məhdudiyyətlərinin qoyulmasından qaçmağa, habelə müasir informasiya texnologiyalarına çıxış əldə etməyə və yüksək texnologiya layihələrinə sərmayələrin həcminin artırılmasına imkan yaradır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×