Çağrı Mərkəzi: 960
"İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib

"İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib

11 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qeyd edib ki, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı olmasının, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının MüəllifHüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinə verilmiş və Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, yeni Nizamnamələri təsdiq edilmişdir. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılmışdır. Yaradılmış dövlət strukturunun tərkib hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin artırılması məqsədi ilə Respublika Elmi-texniki Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində çıxış edirlər.

Dövlət başçısının rəhbərliyi altında sahə üzrə aparılan institusional islahat nəticəsində çalışan dövlət qulluqçularının sayının 43 nəfər azaldılaraq, il ərzində 1 milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək imkanı yaradılmış, dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əməyi maliyyələşdirildiyini, Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyini bildirib.

Agentliyin qarşısında duran əsas vəzifələrin müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsi olduğu qeyd edilərək, bununla yanaşı, ərazisi azalmış, müxtəlif əlverişsiz yerlərə səpələnmiş, fondlarının müəyyən hissəsi itirilmiş və yarasız vəziyyətə salınmış, nəticədə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulmasının əhəmiyyəti vurğulanmışdır.

Bu vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip kimi cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdə, cəsarətlə keçirilən tədbirlərinə dəstək olmasında, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaların seçilməsi və tətbiqində olduğu bildirilmiş, əqli mülkiyyəti investisiyaların cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevirmək, öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaq, bir sözlə, əqli mülkiyyəti və innovasiyalı inkişaf cütlüyünə məxsus olan emercent effektivliyinə nail olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Təsadüfi deyil ki, yaşadığımız texnologiyaların sıçrayış dövründə və innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf tədqiqatlar nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Odur ki, tanınmış mütəxəssislərin fikrinə əsasən, “gələcəkdə əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının texnologiyalar tərəfindən getdikcə daha çox diqtə ediləcəyi və onu idarə etməsi qaçılmazdır”. Bununla da texnologiyaların patentin mövcud landşaftına kardinal təsiri və öz növbəsində əqli mülkiyyətin buna qarşı çıxmaması, əksinə, ona uyğunlaşması vurğulanmalıdır.

Sənaye mülkiyyəti ilə bağlı olan Patent təşkilatı yalnız öz maraqları ilə kifayətlənməməli, fəaliyyətinin təhlilini özünə aid göstəricilər əsasında qurmamalı, ixtira və patent aktivliyini innovasiyalı proseslərə təsiri ilə ölçməlidir və onun fəaliyyəti bu istiqamətə yönəldilir.

Daha sonra göstərilmişdir ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini təkmilləşdirmək səylərimiz real iqtisadiyyatda mütləq dövlət yardımına söykənməyən avtonom, müstəqil hərəkətverici qüvvələri oyadılmasındadır, belə ki, həmin qüvvələr real iqtisadiyyatı innovasiya tipli iqtisadiyyata çevirməyə qadir ola bilsin və bu səbəbdən ixtira fəaliyyəti elə stimullaşdırılmalıdır ki, yaradılan biliklərin real satılan məhsullara çevrilməsi təmin edilsin.

İnnovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi əsas iqtisadi resursa – intellektual kapitala söykənir və varlığın, zənginliyin yaranma mənbəyi texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Bu amillərə Əqli Mülkiyyət Agentliyi öz payına düşən töhfələrin verilməsinə yönəldilir.

Xüsusi vurğulandı ki, 2018-ci il Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət hüquqlarının qorunması” göstəricisi üzrə Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında liderdir. Bununla belə, irəliyə baxaraq, ehtiyatlarımızı istifadə etməliyik. Belə ki, Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycanın müvafiq olaraq, 87-ci və 101-ci yeri tutduğu diqqətə çatdırılaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görüldüyü bildirildi.

Cənab Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” və Əqli Mülkiyyət Agentliyi bir dövlət qurumu kimi bu göstərişi layiqincə yerinə yetirməlidir. Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə”ni göstərmək olar. Həmin Layihənin icrası ilə bağlı 2017-ci ildə Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və ÜƏMT arasında Birgə Bəyannamə imzalanmış və bir neçə beynəlxalq konfrans və seminar keçirilmişdir.

ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin 2018-ci il 4-6 iyun tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər Proqramı çərçivəsində keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilmiş beynəlxalq konfrans və “Qeyri–maddi aktivlər və qlobal dəyərlər zənciri: İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?” mövzusunda regional seminar, universitet və elmi-tədqiqat institutlarında yaradılmış startapların nailiyyətlərini nümayiş etdirən sərgi xüsusi qeyd edilməlidir. Qeyd olunan sərgidə 21 startap-layihə nümayiş etdirilmiş, onların 16-ı yerli universiteti, 2-si özəl şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar Parkı) təmsil etmişdir.

18 dekabr 2018-ci il tarixində ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə keçirdikləri “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda beynəlxalq konfransın və Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkil olunduğu və həmin beynəlxalq tədbirin xüsusi əhəmiyyətinin yeniləşən islahatçı ölkə – Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməsində olduğu bildirilib.

Xüsusi olaraq qeyd edilib ki, dövlət başçısının vergi islahatları çərçivəsində startaplar mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni üfüqlər açır. Belə ki, mikro və ya kiçik sahibkarlıq subyekti olan fiziki şəxslər “startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirdən 3 il müddətinə gəlir vergisindən, hüquqi şəxs kimi fəaliyyət göstərən həmin subyektlər isə 3 il müddətinə əldə etdikləri mənfəət vergisindən azad olunurlar.

Əqli Mülkiyyət Agentliyinin qarşısında duran funksional vəzifələrin dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırıldığından və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət etməsindən ibarət olduğu, həmin vəzifələrin icrasının üç amil nəzərə alınmaqla həyata keçirildiyi bildirilmişdir:

  • ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çıxarılması;
  • KOS-ın iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması;
  • əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi.

Qeyd olunanlarla əlaqədar Agentlik tərəfindən Azərbaycanın Uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması; ixtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin ölkəmizin patent alınmasını sadələşdirən Patent Hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması və tezliklə fəaliyyətə başlaması; universitetlərdə, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, mövcud ofislərin isə tezliklə texnologiyaların kommersiyalaşması və transferi ofislərinə çevrilməsı; elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların Kommersiyalaşdırılması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyinin nəzdində yaradılması; “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi, kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması; şəffaflığı təmin etmək, patent, əmtəə nişanlarının sifarişçiləri və ekspertiza və digər xidmət aparanlarla kontaktsız münasibət qurmaq məqsədilə ASAN tipli “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya sisteminin yaradılması işlərinin başlanması; rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi bağlı bir sıra tədbirlərin artıq həyata keçirildiyi, yaradılan strukturların biznes-layihələrinin hazırlandığı diqqətə çatdırılmış və bunların fayda verəcəyinə ümid edildiyi bildirilmişdir.

11.02.2019
Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×