Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında Zəfər Günü və Bayraq Günü münasibətilə rəsmi tədbir keçirilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında  Zəfər Günü və Bayraq Günü münasibətilə rəsmi tədbir keçirilib

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Zəfər Günü və Bayraq Günü münasibətilə rəsmi tədbir keçirilib.

Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkil etdiyi tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Bayrağının müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov çıxışında qonaqları Azərbaycanın Zəfər Günü və Bayraq Günü münasibətilə təşkil olunan rəsmi tədbirdə salamlayıb və hər iki əlamətdar günün mahiyyəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı elan edib. Bayraqdakı mavi rəng türk mənşəyini, qırmızı rəng müasirliyi və yaşıl rəng isə İslam dininə mənsubluğu ifadə edir.

Daimi nümayəndə bildirib ki, Azərbaycan hazırda yerləşdiyi regionda yeni reallıqlar yaradıb və bu reallıq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi üçün imkanlar açır. Bu günlərdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpasının birinci ili – Zəfər Günü təntənəli şəkildə bayram edilir. Ərazi bütövlüyü və suverenliyinin bərpa olunması sayəsində Azərbaycan tarixi ədaləti bərqərar edib və bir milyona yaxın insanın təhlükəsiz şəkildə öz ata-baba yurduna geri qayıtması üçün şərait yaradıb. Səfir Azərbaycan tarixinin önəmli məqamında Azərbaycan xalqının yanında olan ölkələrə, ilk növbədə isə Türkiyə və Pakistana göstərilən mənəvi dəstəyə görə minnətdarlıq edib.

Qeyd edilib ki, Azərbaycan qonşu dövlətlərlə birlikdə regionun transformasiyası üçün yeni strateji baxış təklif edib. Bu gün ölkəmiz işğaldan azad edilmiş ərazilərinin hərtərəfli bərpası və yenidənqurulması kimi mühüm vəzifəni smart texnologiyalar, innovativ yanaşmalar və yaşıl həll yollarından istifadə etməklə həyata keçirir.

Q.İsrafilov həmçinin qeyd edib ki, Azərbaycan regiondakı bütün ölkələr üçün ticarət və regional bağlantılar imkanı açan kommunikasiyalar və nəqliyyat dəhlizlərinin açılması təşəbbüslərini dəstəkləyir.

Səfir BMT, onun ixtisaslaşmış qurumları və beynəlxalq tərəfdaşları işğaldan azad edilmiş ərazilərin reabilitasiya, rekonstruksiya və reinteqrasiya fəaliyyətlərini həyata keçirməkdə Azərbaycanı dəstəkləməyə çağırıb. Bildirilib ki, Azərbaycan sülh dəyərlərinin irəliləməsinə alternativ görmür və buna görə də beynəlxalq ictimaiyyəti keçmişdəki düşmənçiliyi aradan qaldırmaqda regiona dəstək olmağa səsləyir.

Tədbirin bədii hissəsində Əməkdar artist Şəhriyar İmanovun rəhbərliyi ilə trio çıxış edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərləri etno-caz üslubunda ifa olunub.

Tədbir salonunda yaradılmış guşədə qonaqlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərdən, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edən kitab təqdim edilib.

Sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət verilib.


AZƏRTAC, 12 noyabr 2021



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×