Türk Dövlətləri Təşkilatı üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin birinci görüşü keçirilib

2025‑ci il 20 avqust tarixində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşü keçirilib.
Tədbirdə TDT, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Özbəkistan Respublikası və Türkiyə Respublikasının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında TDT-nın Baş katibi səfir Kubaniçbek Ömüralıyev görüşün tarixi əhəmiyyətini vurğulayıb, türk dünyasında əqli mülkiyyətin innovasiya, elm, texnologiya və sənayenin inkişafının təməlində durduğunu bildirib. O, türkdilli xalqların tarix boyu böyük mütəfəkkirlər yetişdirdiyini qeyd edərək intellekt, bilik və innovasiyaların rifah və rəqabət qabiliyyətini müəyyən etdiyi müasir dövrdə türk dünyasının qlobal yarışdan geri qalmamalı olduğunu diqqətə çatdırıb.
Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri Əqli Mülkiyyət Təşkilatının yaradılması təşəbbüsü olub.
Tədbirin sonunda Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin Birinci Görüşünün Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə tərəflər əqli mülkiyyətin qorunması və təşviqi sahəsində əməkdaşlığın gücləndirilməsi əzmini təsdiq ediblər.
Qeyd edək ki, TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.



















