Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında görüş keçirilib

Dekabrın 24-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında 2024-cü ildə əməkdaşlıq haqqında imzalanmış Memorandumunun həyata keçirilməsi üzrə görüləcək işlər müzakirə olunub. Xatırladaq ki, 2024-cü ildə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov arasında keçirilmiş görüşdə reklamlarda Azərbaycan dilinin qorunması istiqamətində qarşılıqlı əməkdaşlığın vacibliyi və bu məqsədlə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsinin əhəmiyyətli nəticələr verəcəyi vurğulanmışdır.
Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Lalə Abdullayeva qeyd edilən Memorandumun məqsədləri və qarşılıqlı əməkdaşlıq çərçivəsində açıq məkanda xarici dildə yayımlanan reklam mətnlərinin qanunvericiliyə uyğunluğunun müəyyən edilməsinin faydalı ola biləcəyini diqqətə çatdırıb.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini – sektor müdiri Nailə Nəsibova və İnformasiya texnologiyaları şöbəsinin məsləhətçisi İlahə Səmədova Əməkdaşlıq Memorandumunun əhəmiyyətini bir daha vurğulayaraq, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsi üçün reklam sahəsində fəaliyyət göstərən qurumların iştirakı ilə 2026-cı ildə görüşlərin və birgə tədbirlərin keçirilməsinin faydalı ola biləcəyini qeyd ediblər.
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi, “960 Çağrı Mərkəzi” və Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıq reyestr”lər barədə də ətraflı məlumat veriblər. Bildirilib ki, Agentlik tərəfindən ali təhsil müəssisələrində əqli mülkiyyət sahəsində maarifləndirici təlimlər uğurla həyata keçirilir və bu tədbirlər iştirakçılara əqli mülkiyyət sahəsində biliklərini artırmağa imkan verir.
Görüşdə təklif olunub ki, əqli mülkiyyət hüquqları ilə bağlı biliklərinin artırılması məqsədilə Agentliyin təlim layihələrinə sahibkarlar da cəlb olunsunlar.
Xatırladırıq ki, görüş Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında 2024-cü ildə imzalanmış Əməkdaşlıq Memorandumuna uyğun olaraq keçirilib.





















