Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin nümayəndələri arasında görüş keçirilib

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin nümayəndələri arasında görüş keçirilib

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri arasında görüş keçirilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyini Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini Nailə Nəsibova və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İnformasiya texnologiyaları, elektron xidmətlər və məlumatların təhlili üzrə iş şöbəsinin müdiri Rəşad Rzayev iştirak ediblər.

ADRA tərəfindən isə görüşdə İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın rəhbərliyi ilə aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı açıq məkanda reklamlarda əmtəə nişanlarından istifadə, reklam mətnlərində Azərbaycan dilinin norma və qaydalarına riayət olunması, dövlət dilinin və milli dəyərlərin qorunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, yerli sahibkarların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsində əmtəə nişanlarının qeydiyyatının, o cümlədən beynəlxalq qeydiyyatının əhəmiyyəti böyükdür.

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri əmtəə nişanlarının milli və beynəlxalq qeydiyyat mexanizmləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Madrid sistemi çərçivəsində həyata keçirilən beynəlxalq qeydiyyat prosedurları, Agentliyin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) informasiya sistemi və Sənaye Mülkiyyəti Obyektlərinin açıq reyestrləri, habelə əmtəə nişanları üzrə elektron axtarış mexanizmi barədə ətraflı məlumat veriblər.

Görüş zamanı əqli mülkiyyət və reklam sahəsində iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası, məlumat mübadiləsi və sahibkarların maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları da müzakirə olunub. Bakı şəhərində və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün hər iki qurumun nümayəndələrinin iştirakı ilə birgə maarifləndirici görüşlərin və təlimlərin keçirilməsi barədə ilkin razılıq əldə olunub.



Search×