Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində ABŞ Ticarət Nazirliyinin Kommersiya Hüququnun İnkişafı Proqramının, ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin nümayəndələri ilə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində ABŞ Ticarət Nazirliyinin Kommersiya Hüququnun İnkişafı Proqramının, ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Amerika Birləşmiş Ştatları (ABŞ) Ticarət Nazirliyinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP), ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin nümayəndələri ilə görüş keçirilib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyət sahəsində aparılan institusional islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, ölkə Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və həmin Sərəncamla ləğv edilmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. K.İmanov Agentliyin strukturu barədə geniş məlumat verib. Formalaşdırılmış bu struktur və əqli mülkiyyətin vahid çətir altında idarə olunmasının təşkili həm əqli mülkiyyət hüquqlarının qorunması, həm də əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı üçün daha effektiv nəticələr əldə etməyə imkan verir.

Görüşdə Agentliyin dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrasının, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə Əqli mülkiyyət kafedrasının yaradıldığı və onların Agentlikdə filiallarının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

MDB məkanında ilk dəfə Azərbaycanda əsərlərin könüllü qeydiyyat sisteminin tətbiq edildiyi, patentlərə və əmtəə nişanlarına əlçatanlığı asanlaşdıran 24/7 rejimində fəaliyyət göstərən Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) elektron sisteminin, patentlər və qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair məlumatların toplanıldığı “Açıq reystrlər”in yaradılması, habelə sənaye mülkiyyəti obyektlərinin ekspertiza müddətlərinin azaldıldığı barədə də qonaqlara ətraflı məlumat verilib. MDB məkanında ilk olaraq ixtira, faydalı model və sənaye nümunələrinə dair iddia sənədlərinin 3D formatında qəbulu uğurla davam etdirilir.

Qeyd edək ki, Azərbaycandan olan iddiaçılara ixtira və sənaye nümunələri üçün PƏNAH vasitəsilə Avrasiya iddia sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent İdarəsinə təqdim etmək imkanı yaradılıb. Bu funksional xidmətin tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir.

Tədbirdə qeyd edilib ki, “Patent haqqında” Qanuna bir sıra dəyişikliklər edilib və bu dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq. Beynəlxalq təcrübəyə uyğun olaraq “Patent haqqında” Qanuna bir sıra yeni anlayışlar daxil edilmişdir. İxtiralara, faydalı modellərə və sənaye nümunələrinə patentlərin alınması prosedurları sadələşdirilmiş, iddia sənədlərinin ekspertizasının sürətləndirilməsinin təmin edilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra yeni müddəalar əlavə edilmişdir.

K.İmanov tədbirdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2025-ci ildə dərc olunmuş “Əqli mülkiyyətin istiqamətverici rolu haqqında hesabat”ından danışıb. Bu hesabat dövlət qurumları, akademik dairələr, biznes sektoru və beynəlxalq təşkilatları təmsil edən 45-dən çox beynəlxalq ekspertlə aparılmış müsahibələrə əsaslanaraq hazırlanmışdır. ÜƏMT-nin Baş direktoru Daren Tang yazdığı ön sözdə hesabatın hazırlanmasına dəstək verən tanınmış şəxslər sırasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun da adını qeyd etmişdir. Hesabatın “Hüquqi amillər” bölməsində əqli mülkiyyət üzrə beynəlxalq ekspert K.İmanovun texnologiya və hüquq münasibətlərinin qarşılıqlı təsirinə dair “Texnologiya və əqli mülkiyyət hüququ daim bir-birini stimullaşdırır, onlar zamanla bir-birinin istiqamətini və inkişafını qarşılıqlı şəkildə formalaşdırır” fikri də yer almışdır. K. İmanovun bu sitatı ÜƏMT-nin hesabatında hüquqi çərçivələrin gələcək nəsil texnologiyalara uyğunlaşdırılmasının vacibliyini göstərən əsas tezislərdən biri kimi təqdim olunub.

Qeyd edək ki, ÜƏMT-nın qeyd edilən hesabatında Cənubi Qafqaz regionundan yalnız Azərbaycan nümayəndəsi təmsil olunmuşdur.

Agentliyin sədri qeyd edib ki, Əqli Mülkiyyət Agentliyinin internet saytına inteqrasiya olunmuş xüsusi müyəssərlik (əlçatanlıq) menyusu, müxtəlif ehtiyacları olan istifadəçilər, xüsusən də görmə zəifliyi və xüsusi ehtiyacları olan şəxslər üçün informasiya ehtiyatlarına daha əlçatan və rahat çıxışı təmin edir. O, Agentliyin müraciətçilərə daha operativ şəkildə dövlət xidmətlərinin göstərilməsi və xidmətlərdə rahatlığın artırılması məqsədilə süni intellekt əsasında fəaliyyət göstərən konsultasiya imkanları təqdim edən süni intellekt botun yaradılması üzərində öz kadr potensialı çərçivəsində iş apardığını vurğulayıb.

Avrasiya Patent İdarəsi ilə əməkdaşlıq çərçivəsində, patentləşdirmənin əsas proseslərinin avtomatlaşdırılması və intellektual dəstəklənməsi üçün süni intellekt həlləri hazırlanması işlərinə başlanılıb və bu həllər Agentliyin daxili informasiya sistemləri ilə inteqrasiya nəzərə alınmaqla qurulur.

CLDP rəhbəri – baş hüquq məsləhətçisi cənab Steve Gardner Azərbaycanda əqli mülkiyyətin inkişafı sahəsində görülən işlərdən məmnun qaldığını bildirib. O, əqli mülkiyyətin kommersiyalaşdırılması və innovasiya, əqli mülkiyyət (ƏM) hüquqlarının icrası və saxtakarlıqla mübarizə və ƏM üzrə təhsil və peşəkar hazırlıq proqramları sahəsində ABŞ təcrübəsindən Azərbaycanda da faydalanmağın mümükünlüyünə toxunaraq, bu sahələrdə əməkdaşlığın faydalı ola biləcəyini söyləyib. CLDP rəhbəri qeyd edib ki, Agentlik ÜƏMT ilə əməkdaşlıqda ƏM-in qorunmasına sadiq qalır.

ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin hüquq məsləhətçisi cənab Ken Misbin patent və əmtəə nişanlarının qeydiyyatı və qorunma mexanizmləri barədə onu maraqlandıran suallar verib və Azərbaycan təcrübəsini maraqla izlədiyini bildirmişdir.

ABŞ Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişafı Proqramının beynəlxalq proqram mütəxəssisi xanım Aleksa Blak CLDP tərəfindən Bakıda keçiriləcək Mərkəzi Asiya üzrə əqli mülkiyyət sahəsində Ən Yaxşı Təcrübələr üzrə Regional Seminar və İşçi Qrupun İclası barədə ətraflı məlumat vermişdir. Belə ki, burada CLDP tərəfindən Mərkəzi Asiyanın 5 ölkəsi və Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə, xüsusilə coğrafi göstəricilər sahəsinə diqqət yetirməklə, sərhədlərarası əqli mülkiyyət məsələlərinin müzakirəsi məqsədilə regional işçi qrup təşkil ediləcəkdir. İşçi qrup çərçivəsində həmçinin milli coğrafi göstərici sistemləri nəzərdən keçiriləcək, mümkün qanunvericilik dəyişiklikləri araşdırılacaq və regiondan tranzit keçən saxta məhsullarla mübarizə istiqamətində gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar dinləniləcək. Sessiyanın sonunda razılaşdırılmış fəaliyyət planı, dövlət qurumlarının öz təşkilatlarına təqdim edə biləcəyi tövsiyələr və CLDP tərəfindən hazırlanmış Saxtakarlığa Qarşı Mübarizə üzrə Təlimat Kitabçasına ümumi baxış təqdim ediləcəkdir.

Əqli Mülkiyyət Agentliyi daimi olaraq əqli mülkiyyət hüquqlarının pozulması halları ilə bağlı iş aparır.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×