Əqli Mülkiyyət Agentliyində qadın alimlərlə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Azərbaycan qadınları elmdə” mövzusunda tədbir keçirilib. Tədbiri açan RETK-nın direktoru Mübariz Məmmədli kitabxana haqqında qısa məlumat verib. O, kitabxananın maarifləndirmə və elmi təbliğat istiqamətindəki fəaliyyətinə toxunaraq bu sahədə mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə qonaq qismində Milli Aerokosmik Agentliyinin əməkdaşları texnika üzrə fəlsəfə doktorları dosent Günel Əliyeva, dosent Amidə Əliyeva və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi fizika üzrə fəlsəfə doktoru, dosent Sevinc Bəşirova iştirak ediblər.
G.Əliyeva elmi, o cümlədən ali məktəbdəki fəaliyyətindən ətraflı danışıb. A.Əliyeva hələ tələbəlik dövründən elmə maraq göstəməsindən, sonradan isə bu sahəyə peşəkar yanaşmasından, texniki elmlər sahəsində müəyyən nailiyyətlər əldə etməsindən söz açıb. S.Bəşirova elmi işlərindən bəhs edib, Web of Science, Scopus, Springer platformalarında nəşr olunan məqalələr barədə məlumat verib.
Qonaqlar bu cür tədbirləri yüksək qiymətləndiriblər.
Sonra “Azərbaycanda ziyalı qadınlar” adlı videomaterial nümayiş olunub. Tədbirdə həmçinin RETK-nın fondunda olan qadın müəlliflərin elmi kitablarının sərgisi təşkil olunub.























