Türk Dövlətləri Təşkilatına üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib

2026-cı il 12 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib.
Qeyd edək ki, TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin Birinci Görüşü 2025-ci il 20 avqust tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində baş tutmuşdur. Görüşün yekununda qəbul edilmiş Birgə Bəyannamədə tərəflər əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi sahəsində faydalı və uzunmüddətli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əzmlərini bir daha təsdiq etmiş, bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulamışlar. Birgə Bəyannamədə TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün Azərbaycan Respublikasında keçirilməsi qeyd edilmişdir.
İkinci Görüşün Azərbaycan Respublikasının TDT-na sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə TDT-nın Baş katibinin müavini Ömer Kocaman, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları Baş İdarəsinin baş direktoru Erkin Yılmaz, Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov iştirak ediblər.
İkinci Görüşün keçirilməsindən əvvəl tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov TDT üzv dövlətlərin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin İkinci Görüşündə iştirak etmək üçün Bakıya təşrif buyurmuş rəsmi şəxsləri, nümayəndə heyətlərinin üzvlərini, ekspertləri və digər qonaqları salamlayıb və dəvəti qəbul edərək bu mühüm görüşdə iştirak etdiklərinə görə təşəkkürünü bildiririb. K.İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün iştirakçılarına müraciətini oxuyub.
Sonra K. İmanovun geniş məruzəsi dinlənilib. O, Azərbaycanın Qafqaz regionunda və Türk dünyasında mühüm və strateji mövqeyə malik olduğunu, ölkəmizin bu iki böyük coğrafi arealları müxtəlif layihələrlə bir-birinə bağlayan təşəbbüskar dövlət və eyni zamanda strateji mərkəz kimi çıxış etdiyini, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə yaranmış yeni reallığın regionda davamlı sülhün, sabitliyin və əmin-amanlığın qurulması üçün yenitarixi imkanlar yaratdığını qeyd edib.
Vurğulanıb ki, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini türk dünyasının birliyi təşkil edir. Çünki bu gün türk dövlətlərinin sıx inteqrasiyası müasir dövrün tələb etdiyi tarixi zərurətdir. Türk ölkələrinin institusional birliyinin təməli məhz Azərbaycanda qoyulub. 2009-cu ilin oktyabr ayında türk dövlətlərinin başçılarının Naxçıvan şəhərində keçirilən IX Zirvə Görüşündə Naxçıvan Sazişinin imzalanması ilə Türk Dövlətləri Təşkilatının bünövrəsi qoyulub. Bu tarixi hadisə türk dünyasının geostrateji mənzərəsini köklü şəkildə dəyişib. Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ilin iyul ayında məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi və tarixi “Qarabağ Bəyannaməsi”nin imzalanması təşkilatın gələcək inkişaf xəttinin müəyyən edilməsinin başlanğıcı olub.
K.İmanov bildirib ki, türk dövlətləri arasında sarsılmaz birliyi təmin etmək və iqtisadi inkişafa nail olmaq üçün ticarət və investisiya əlaqələrini gücləndirmək vacibdir. Çünki iqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir. Qarşılıqlı iqtisadi asılılığın artması, əlaqələrin genişlənməsi və şaxələnməsi türk dünyasının siyasi həmrəyliyini möhkəmləndirir, təşkilatın qlobal müstəvidə güc mərkəzinə çevrilməsini daha da sürətləndirir.
Qeyd olunub ki, dövlət başçımızın 17 sentyabr 2026-cı il tarixində TDT-yə üzv dövlətlərin təhlükəsizlik məsələləri üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikir Birliyin vacibliyini və buna yönələn ölkələrimizin iqtisadi potensialının və qarşılıqlı maraqlarının möhkəmləndirilməsinin əhəmiyyətini aydın şəkildə ifadə edir: “Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib.... ...O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də TDT-nın müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən, xüsusi olaraq vurğulayıb ki, “Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.
Dövlət başçımız həmin görüşdə onu da qeyd edib ki, “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar... Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görəbu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik...”.Odur ki, “...biz hamımız birliyə çalışmalıyıq”.
Dövlət başçısının 17 sentyabr 2026-cı ildə səsləndirdiyi aşağıdakı fikirləri isə böyük maraq doğurur: “Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”.
Cənab Prezident 17 sentyabr 2026-cı il tarixində TDT üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri qəbul edərək, ənənə və mənəvi dəyərlərimizin qorunmasına aid aşağıdakı fikirləri söyləyib: “Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir...”.
K.İmanov bildirib ki, regional strukturun yaradılması ilə bağlı əqli mülkiyyət sahəsində əməkdaşlığı təsdiqləyəcək təkliflər irəli sürülüb, regional təşkilatın yaradılması dövlətlərin müstəqil şəkildə qərar qəbul edilməsindən institusional təsbit edilmiş əməkdaşlığa keçid kimi şərh oluna bilər. Ümumi fayda bütün iştirakçılar üçün onların hər birinin ərazisində regional ekspertizanın və hüquqi mühafizənin daha sürətli və keyfiyyətli həyata keçirilməsindən, habelə daha qənaətli mühafizə sistemindən, maliyyə daxilolmalarından və innovasiyalara qoşulmaq imkanından yarana bilər. Beləliklə, səlahiyyətlərin regional təşkilata verilməsi ilə yeni əməkdaşlıq strukturunun yaradılması dayanıqlı əməkdaşlıqdan gözlənilən qazanc naminə müstəqilliyin razılaşdırılmış şəkildə məhdudlaşdırılmasıdır.
Sonra K.İmanov bəzi əqli mülkiyyət obyektlərinin həm müəlliflik hüququ, həm də sənaye mülkiyyəti hüququ ilə eyni vaxtda və ya paralel hüquqi mühafizəsinin mümkünlüyü məsələsi, folklor (ənənəvi mədəni ifadələr) və ənənəvi biliklərin qorunması barədə elmi-nəzəri fikirlərini diqqətə çatdırıb, bu sahədə Azərbaycanın təcrübəsi barədə məlumat verib.
Tədbirdə TDT-nın Baş katibinin müavini Ömer Kocaman, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak, Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov çıxış ediblər.
Tədbirin sonunda TDT üzv dövlətlərin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb.


































